Sürüşkən artım: Valyuta ehtiyatlarımızın çoxalması dayanıqlıdırmı? | TƏHLİL
Ancaq bu, həqiqətən belədirmi? İlk baxışda bəli: Xarici ticarət dövriyyəmizdə müsbət saldo hökm sürür, tədiyyə balansında vəziyyət qənaətbəxşdir, manatın məzənnəsi möhkəmdir, iqtisadiyyat artır, ciddi kənar təsir və təzyiqlər mövcud deyil. Lakin təəssüf, bunlar kövrək xarakter daşıyır. Hər şey hər an "relsdən" çıxa bilər.
Söhbət nədən gedir?
Ölkəmizin ixracının əsasını neft və neft məhsulları təşkil edir. 2023-cü ilin yanvar-oktyabr ayları ərzində 29 milyard 345 milyon 994 min dollarlıq ixracın 26 milyard 633 milyon 463 min dollarını və ya 90,76%-ni neft-qaz sektoruna aid mallar təşkil edib. Yalnız 2 milyard 712 milyon 531 min 270 dolları, başqa sözlə desəm, cəmi 9,24%-i qeyri neft-qaz sektorun payına düşüb.
Göstərilən rəqəmlər 2022-ci ilin eyni dövründəki ilə müqayisədə ixracın 15,5% azalaraq, 29 345 milyon dollar, idxalın isə 22,3% artaraq 14 174 milyon dollar təşkil etdiyini deyir. Nəticə etibarilə, xarici ticarətdə 15 milyard 171 milyon dollarlıq müsbət saldo yaransa da bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,3% az təşkil edib.
Başqa sözlə desəm, xarici ticarətdə idxal ilə ixrac arasında fərq birincinin xeyrinə həm özünün artması, həm də ikincinin azalması hesabına xeyli dərəcədə mənfi istiqamətdə dəyişib.
Niyə? Çünki neft-qaz üzrə ixrac həm həcm, həm də dəyər nöqteyi-nəzərindən azalıb və azalmaqdadır. Ölkədə xam neft hasilatı enməkdə olduğundan, bu, davamlı xarakter daşıyır.
Digər tərəfdən, idxalda artımın və genişlənmənin ardıcıl və dayanıqlı xüsusiyyət kəsb etməsi xarici ticarətdə müsbət dinamikanı əldən verəcəyimiz təhlükəsini bir az da yaxınlaşdırır.
AMB-nin rəsmi valyuta ehtiyatlarının həcminin indikindən də artıq vaxtları olub. 2014-cü ilin 1 avqust tarixində 15 milyard 193 milyon 400 min ABŞ dolları təşkil edirdi. Lakin həmin ilin ikinci yarısından etibarən enerji daşıyıcıların dünya qiymətlərinin düşməsi nəticəsində AMB manatın məzənnəsini qorumaq məqsədilə valyuta bazarına satış yönlü müdaxilələr etməyə başladı. Nəticədə qısa müddət ərzində 11 milyard dollar vəsait satılmaqla yanaşı, iki dəfə devalvasiya qərarı da qəbul edildi.
Odur ki, xarici ticarətdə müsbət saldonun hökm sürməsi, ölkənin tədiyyə balansında qənaətbəxş vəziyyət, həmçinin manatın məzənnəsinin möhkəmliyi nisbi göstəricilərdir. Manatın məzənnəsi “üzən rejim” əsasında deyil, inzibati yolla tənzimlənir. Bu, çox ciddi faktordur.
Milli pul vahidi sərbəst üzən məzənnə rejimi əsasında tənzimlənməyən ölkədə iqtisadi sabitlik göstəricisi nisbi xarakter daşıyır. Ticarət və tədiyyə balansı mənfi tərəfə dəyişdiyi təqdirdə daxili valyuta bazarında alış tendensiyası istər-istəməz dərhal satışa çevrilməlidir.
“Üzən məzənnə” rejiminin tətbiqi bizdə hələ ki mümkün deyil. “Üzən məzənnə” rejimi milli pul vahidinin sərbəst alqı-satqı prosesinə, ölkədə valyuta çoxluğu və azlığına, valyutaya olan tələbə, ölkəyə daxil olan valyuta həcmilə çıxan həcm arasındakı nisbətə, xarici ticarət dövriyyəsinə, tədiyyə balansına əsasən müəyyən olunur.
AMB isə manatın məzənnəsini inzibati əsasda 1 manat 70 qəpik səviyyəsində nəzarətdə saxlayır. Bu, 2017-ci ildən belədir. Səbəb ondan ibarətdir ki, ölkədə valyuta satan təkcə Dövlət Neft Fondudur. Başqa qurum yoxdur. Valyutaya tələbi olan isə çoxlu sayda subyektlər - banklar, idxalçı şirkətlər, əhali var.
Odur ki, Mərkəzi Bankı qınamağın yeri də yoxdur. AMB valyutanı sərbəst üzən məzənnə rejiminə buraxa bilməz. Məzənnəni inzibati qaydada saxlamaq siyasəti o vaxta qədər davam edəcək ki, ölkənin ixracının 50%-dən çox hissəsini qeyri-neft-qaz sektoruna aid istehsal məhsulları təşkil edəcək. Ona çatmağımıza isə minimum 4-5 il var.
Pərviz Heydərov
Azvision.az üçün
Teqlər: Valyuta Mərkəzi-Bank